Yalançının hiyləgərliyi

Yalançı, səmimiyyətsiz olduğu üçün, istədiyi şeyləri həmişə dolayı yollardan, hiyləgərliklə əldə edər. Hiyləgər insanın hər hansı rəftarı kənardan zərərsiz, hətta faydalı belə görünsə, əslində həmin anda öz mənfəəti üçün haqq-hesab və plan yürüdər, çox vaxt ikiüzlü hərəkət edər. Rəftarları və sözləri heç vaxt səmimi düşüncələrini əks etdirməz.
Hiyləgər, ikiüzlü, yalançı şəxslərə, Quranda verilən nümunələrdən biri Firondur. Hz. Musa (ə.s) və qardaşı hz. Harun (ə.s), Misir xalqını xəbərdar etdikləri zaman, Firon onlara qarşı çıxmış, onları və möminləri öldürməklə təhdid etmiş və möminləri müxtəlif işgəncələrə məruz qoymuşdur. Firon bu zülmünə isə öz aləmində günahsız bir don geydirərək, bütün bunları xalqının yaxşılığı üçün etdiyini söyləmişdir. Fironun Quranda bildirilən sözləri belədir:

Firon dedi: "Buraxın məni Musanı öldürüm o da (getsin) Rəbbinə yalvarsın. Çünki mən onun sizin dininizi dəyişdirməsindən və ya yer üzündə fəsad törətməsindən qorxuram". (Mümin surəsi, 26)

Ayədə görüldüyü kimi Firon, hz. Musa (ə.s)-ı, Allaha və dinə qarşı olduğu üçün öldürmək istədiyini açıq-açıq söyləmir, lakin inkarına, pis əxlaqına və zalımlığına, öz aləmində günahsız bir don geydirməyə çalışır. Fironun iddiası, insanları fəsaddan və ya dinlərini itirməkdən xilas etməkdir. Əslində isə Fironun belə məqsədi yoxdur, əksinə fəsadı törədən və dinə düşmən olan özüdür.

Hiyləgər insanlar da eynilə Firon nümunəsində olduğu kimi özlərini olduqlarından fərqli biri kimi göstərərək, həmişə pislik və xainlik düşünərlər. Hiyləgərlik bu cür insanların gündəlik adi davranışlarında da görünə bilər. Məsələn, hiyləgər insanların bir xüsusiyyəti insanları gizlicə hirsləndirmə üsullarından istifadə etmələridir. Ümumiyyətlə belə insanlar zəkalı da olduqları üçün, bunları həmişə yaxşılıq, günahsızlıq maskası altında edərək özlərini ifşa etməməyə diqqət yetirərlər. Lakin zəkalı olmalarına baxmayaraq, ağılsız olduqları üçün əxlaqsızlıqları dərhal görülər. Sevgi və hörmət itirər, xoşagəlməz insanlar olarlar.

Məsələn, hiyləgər insan iş yerindəki stolunda dayanmasını istəmədiyi, tör-töküntü hesab etdiyi bəzi şeyləri götürüb başqa bir insanın stolunun üstünə qoyar. Bunu edərkən də sanki həmin insana bir hədiyyə verirmiş, ona yaxşılıq edirmiş kimi davranar. Halbuki məqsədi həmin insana yaxşılıq etmək deyil, tör-töküntülərini hər hansı yerə qoya bilməkdir. Xüsusən də digər insan təmiz və səliqəli biridirsə, eyni zamanda onun stoluna tör-töküntü qoyaraq onu hirsləndirəcəyini düşünər. Lakin bunu hədiyyə verirmiş ədasıyla edəcəyi və ya "işinə yarayar deyə düşündüm" deyərək verəcəyi üçün qarşı tərəfin özünə etiraz etməsinə də maneə törətmiş olar.

Hiyləgər insan özünə çətin gələn işləri başından sovmaq məsələsində də, həmişə riyakar planlar qurar. Məsələn, bir yoldaşı özündən kömək istədiyi zaman; "mənim öz işlərim var, kömək edə bilmərəm" deyər. Lakin zaman keçdikcə yoldaşının nə qədər yorulduğunu və özünün bir işi olmadığı halda, onun xeyli zəhmət çəkdiyini görər. Bu yenə vicdanını hərəkətə keçirməz, lakin bu dəfə müdirinin və ya digər şəxslərin özünə niyə ona kömək etmədiyini soruşacaqlarını düşünərək, işlərin bitməsinə yaxın son anda kömək edər. Yaxud müdirinin yanına gedərək; "yoldaşımın çox işi var, çatdıra bilmir, işlər ləngiyəcək, mən ona kömək edim" deyərək, yoldaşının şikayət etmə ehtimalına qarşı tədbir almış olar. Çünki, həmin insan şikayət etdiyi zaman, özünün kömək etmək üçün icazə aldığı deyiləcək və hiyləgər insan öz ağlına görə özünü qorumuş olacaq. Həqiqətən də diqqətlə izlənilmədiyi təqdirdə, çox vaxt hiyləgər insan özünü ifşa etməyə bilər. Lakin hiyləgər əxlaq bir müddət sonra özünü büruzə verər, həmin insanın ümumi rəftarına, üslubuna, üz ifadəsinə qədər əks olunar. Həmin insanda xoşagəlməzlik, səmimiyyətsizlik və kobudluq yaradar.

Hiyləgər insan öz istəkləri əsasında insanları yönləndirmək üsulundan da istifadə edər. Məsələn, bir neçə yoldaşla bir yerə getmək üçün bir yerə toplandıqda, öz istədiyi yerə gedə bilmək üçün rahatlıqla yalan danışar. Yoldaşlarının istədiyi yerlər barədə yalan danışaraq pisləyən sözlər deyə bilər.

Yaxud hiyləgər insan, yemək istəmədiyi, dadını bəyənmədiyi bir yeməyi başqasına tərifləyərək verə bilər. Görünüşdə nəzakətli davranır və yemək verir. Halbuki, məqsədi yalan danışaraq həmin yeməkdən xilas olmaqdır.
İş bölgüsü apararkən özünə, görünüşdə çox görünən, lakin əslində xeyli asan olan işləri götürər. Beləliklə də, ilk baxışda çox fədakar kimi görünər, lakin əslində ədalətli bölgü aparmamış, fədakarlıq etmək əvəzinə eqoist davranmışdır.
Hiyləgər və yalançı insan gün ərzində belə kiçik mənfəətlərin arxasınca qaçar. Bəlkə bir neçə saatlığına bəzi mənfəətlər təmin edər, hər kəs işləyərkən oturar, öz işini etdirər, öz istədiyi yerə gedər. Lakin əslində heç bir qazanc təmin etməz, əksinə çox mühüm şeylər itirər. Hər şeydən əvvəl, nə qədər zəkalı və hiyləgər olsa da, Allah belə insanların ağıllı hərəkətlər etməsinə icazə verməz. Belə bir insan sevimliliyini, gözəlliyini, istiqanlılığını itirər, çox soyuq, xoşagəlməz insan olar. Allah, belə ağılsız və mənfəətpərəst insanların üzərinə murdarlıq çökdürər. Allah bunu bir ayəsində belə bildirir:

Allahın icazəsi olmadan heç kəs iman gətirə bilməz. O, anlaya bilməyənlərinə üzərində murdarlıq çökdürər. (Yunis surəsi, 100)

Həmçinin bu insan, belə vəziyyətə düşdüyünü və kənardan akvariumdakı balıq kimi aydın və dəqiq görüldüyünü anlaya bilməz. Daha da əhəmiyyətlisi Allahın rizasını, rəhmətini və cənnətini itirə bilər. Dünyadakı çox kiçik mənfəətləri üçün axirətdəki əbədi xoşbəxtliyi, rahatlığı, hüzuru və təxəyyül belə edə bilməyəcəyi görkəmdəki nemətləri görməzlikdən gəlmiş olar. Allah, axirətdə nəsibi olmayanlar üçün Quranda belə buyurmuşdur:

...İnsanların eləsi vardır ki; "ey Rəbbimiz, bizə dünyada ver" deyər; onun axirətdə heç bir nəsibi yoxdur. (Bəqərə surəsi, 200)