Quranda bildirilən yalançılar

İkiüzlü yalançılar: münafiqlər
Münafiqlər, Allahın Quranda iki üzlülükləriylə tanıtdığı insan cəmiyyətidir. Münafiqlərin ən mühüm xüsusiyyətlərindən biri yalançılıqdır. Münafiq, Allaha və Onun Rəsuluna iman gətirmədiyi halda, iman gətirdiyini söyləyər. Möminləri sevmədiyi halda, onları sevdiyini, ölənə qədər onlardan ayrılmayacağını iddia edər. Mənfəətlərinə ilk dəfə zərər gəldiyi anda, möminləri tərk edəcəyini bilməsinə baxmayaraq, hər çətinlikdə və hər şəraitdə möminlərin yanında olacağına dair and belə içər. Peyğəmbərimiz (s.ə.v); "yalan danışmaq nifaq qapılarından bir qapıdır" deyərək bu həqiqətə diqqət çəkər. Nifaq; ikiüzlülük, dində riyakarlıq, müsəlman göründüyü halda iman gətirməmək, yəni münafiqlik deməkdir.
Peyğəmbərimiz (s.ə.v)-in də ifadə etdiyi kimi yalan nifaqa, yəni münafiqliyə bir qapı açar.
Münafiqlik və yalançılıq barədə səhabələrdən Həsən əl-Bəsri belə deyib:

"Belə deyilirdi: için və çölün, sözlərin və əməllərin, giriş və çıxışların bir-birlərindən fərqli olması münafiqlikdən hissədir. Münafiqliyin əsaslandırıldığı təməl, yalandır".

Məsələn, Allah ayələrdə münafiqlərin möminlərə kömək vəd etdiklərini bildirir, lakin möminləri onların yalan söylədikləri barədə də belə xəbərdar edir:

Münafiqlərin, Kitab əhlindən inkar edən qardaşlarına: “Əgər siz yurdunuzdan qovulsanız, biz də sizinlə birlikdə çıxıb gedəcək və sizə qarşı heç vaxt heç kəsə tabe olmayacağıq. Əgər sizə qarşı müsəlmanlar vuruşsalar, mütləq sizə kömək edəcəyik!” dediklərini görmədinmi? Allah onların yalançı olduğuna şahiddir. Əgər onlar yurdlarından qovulsalar, münafiqlər onlarla birlikdə çıxıb getməz, müsəlmanlar onlara qarşı vuruşsalar, onlara köməklik göstərməzlər. Əgər onlara köməkliş göstərmiş olsalar belə, geri dönüb qaçar, sonra da onlara heç bir kömək göstərilməz. (Həşr surəsi, 11-12)

Münafiqlərin digər yalançılığı da, etdikləri xainliklər üçün yalan bəhanələr uydurmalarıdır. Allah digər bir ayədə münafiqlərin bu rəftarını belə xəbər verir:

Geri qalan bədəvilər sənə: “bizi, var-dövlətimiz və ailələrimiz yayındırdı. Allahdan bizim üçün bağışlanma dilə!” deyəcəklər. Onlar qəlblərində olmayanları dilləri ilə deyirlər. De: “Əgər Allah sizə bir zərər yetirmək və ya bir xeyir vermək istəsə, Onun edəcəyi işin qarşısını kim ala bilər?” Xeyr, Allah sizin nə etdiyinizdən xəbərdardır. (Fəth surəsi, 11)

Münafiqlərin digər bir xüsusiyyəti isə, "yalana inanmalarıdır". Bu insanlar yalan sözlərə etimad edər, yalan sözlərdən, uydurma hadisələrdən istifadə edərək fitnə törətməyə çalışarlar. Allah, Quranda münafiqlərin bu xüsusiyyətini belə bildirmişdir:

Ey peyğəmbər! Qəlbləri iman gətirmədiyi halda ağızları ilə: "iman gətirdik!" deyənlərlə, yəhudilərdən küfr içində səy göstərənlər səni kədərləndirməsin. Onlar yalana qulaq asanlar, sənin yanına gəlməyən başqa camaat üçün qulaq asanlar (xəbər toplayanlar)dır. Onlar sözlərin yerini dəyişdirərlər,"sizə bu verilsə, onu götürün, bu verilməsə, ondan qaçın" deyərlər. Allah, kimin fitnə(yə düşmə)sini istəsə, artıq onun üçün sən Allaha heç nə iləmane ola bilməzsən. Məhz onlar, Allahın qəlblərini təmizləmək istəmədikləridir. Dünyada onlar üçün alçaldılma, axirətdə isə böyük əzab var. Onlar yalana qulaq asanlar və haram yeyənlərdir. Əgər onlar sənin yanına gəlsələr, aralarında hökm ver və ya onlardan üz döndər. Əgər onlardan üz döndərsən, sənə heç bir şeylə qətiyyən zərər verə bilməzlər. Əgər onların arasında hökm verməli olsan, ədalətlə hökm ver. Şübhəsiz ki, Allah ədalətlə hökm verənləri sevər. (Maidə surəsi, 41-42)

Münafiqlər möminlərə yalan söylədikləri üçün özlərini onlardan üstün zənn edərlər və möminləri aldatdıqlarını zənn edərək sevinərlər. Halbuki, bu onların nə qədər ağılsız və bəsirətsiz olduqlarının bir dəlilidir. Çünki onlar ikiüzlülüklərini insanlardan gizlətsələr belə, Allahdan gizlədə bilməzlər. Həmçinin onların özlərini dindar göstərmələri möminlərə heç bir zərər verməz. Hər kəsin dini özünədir. Münafiq həm dinsizliyi, həm də ikiüzlülüyündən ötrü cəhənnəm əzabı ilə qarşılıq görəcək və buna görə də, əsil alçalan, alçaldılan və lağ ediləcək vəziyyətdə olan özüdür. Allah Bəqərə surəsində münafiqlərin bu əxlaqsızlıqlarını belə xəbər verir:

İman gətirənlərlə qarşılaşdıqları zaman: "iman gətirdik!" deyərlər. Şeytanları ilə təklikdə qaldıqda isə; "şübhəsiz ki, sizinləyik. Biz (onlarla) yalnız istehza edirik" deyərlər. (Əsil) Allah onlara istehza edər və azğınlıqları içində çaşbaş vəziyyətdə dolanmaları üçün (müəyyən) möhlət verər. Məhz bunlar, hidayət əvəzinə azğınlığı satın alıblar; lakin bu ticarətləri fayda verməmiş və hidayətə də nail olmamışlar. (Bəqərə surəsi, 14-16)

 

Hz. Yusif (ə.s)-ın qardaşları
Quranda yalançılıqlarından bəhs edilən insanların bir hissəsi də, hz. Yusif (ə.s)-ın qardaşlarıdır. Hz. Yusif (ə.s)-ın qardaşları həm yalançı, həm də böhtançıdırlar. Həmçinin yalançı olduqları halda həmişə and da içirlər.

Hz. Yusif (ə.s)-ın qardaşları, onu qısqandıqları üçün öldürməyə qərar verərək çirkin bir plan qurmuş və bu planları üçün atalarından qardaşlarını özləri ilə göndərməsini istəmişlər. Ataları hz. Yaqub (ə.s)-ın tərəddüd etdiyini gördükdə də, onu qoruyacaqlarına dair and içmişlər. Halbuki hələ ən başdan planları, hz. Yusif (ə.s)-ı qorumaq deyil, öldürmək olmuşdur.
Əvvəlcə atalarına qardaşlarının özləriylə gəlməsini istədiklərini söyləmiş və onu çox yaxşı qoruyacaqlarına dair söz vermişlər. Bütün bunlar, hz. Yusif (ə.s)-ı öldürmək üçün qurduqları tələnin bir hissəsidir. Hz. Yusif (ə.s)-ın qardaşlarının Quranda bildirilən yalanları ardıcıllıqla belədir:

Onlar belə demişdi: "Yusif və qardaşı atamıza bizdən daha sevimlidir, halbuki biz, bir-birini möhkəmləndirən bir dəstəyik. Əslində atamız açıq-aydın yanılır". (Yusif surəsi, 8)

Hz. Yaqub (ə.s)-ın, hz. Yusif (ə.s)-ı daha çox sevməsindən ötrü yanıldığını söyləmələri bir yalandır. Çünki, onlar da mütləq hz. Yusif (ə.s)-ın özlərindən xeyli üstün əxlaqlı və sevilməyə daha layiq olduğunu bilirlər.

Öldürün Yusifi və ya onu bir yerə aparıb atın ki, atanızın üzü təkcə sizə (dönük) olsun. Bundan sonra əməlisalehlərdən olarsınız. (Yusif surəsi, 9)

Qardaşlarını öldürdükdən sonra əməlisalehlərdən ola bilməyəcəklərini hamısı bilir. Lakin biri belə bir yalan söylədikdən sonra hamısı bunu qəbul edərək, edəcəkləri əxlaqsızlığı və zalımlığı günahsız göstərmək istəyirlər. Həmçinin kənardan baxanda atalarının sevgisi üçün bunu etdikləri görünür. Bu da bir yalandır, çünki qardaşlarını öldürə biləcək əxlaqa sahib insanlar həqiqi sevgidən anlamazlar və belə bir tələbləri də olmaz. Onlar təkcə qısqanclıq və rəqabətdən ötrü qardaşlarını öldürmək istəyirlər.

(Bu qərara gəldikdən sonra) "ey atamız!" dedilər. "Sənə nə olub ki, Yusifi bizə etibar etmirsən? Halbuki əslində biz onun yaxşılığını istəyənlərik. Sən onu sabah bizimlə göndər, doyunca gəzsin, oynasın. Əlbəttə ki, biz onu qoruyub himayə edərik. (Yusif surəsi, 11-12)

Dedilər: "and olsun, biz, bir-birini himayə edən bir dəstə olduğumuz halda, canavar onu yesə, bu vəziyyətdə, şübhəsiz ki, ziyana düçar olan (aciz) kəslər olarıq". (Yusif surəsi, 14)

Yuxarıdakı ayələrdə görüldüyü kimi, yalançılar özlərini çox xoşniyyətli və günahsız göstərmək üçün böyük diqqət göstərirlər. Məqsədlərinin qardaşlarının yaxşılığı olduğunu vurğulayır və onun təhlükəsizliyi üçün zəmanət belə verirlər.
Hz. Yusif (ə.s)-ın qardaşları yuxarıdakı ayələrdə də görüldüyü kimi and içərək atalarını doğru söylədiklərinə, etibarlı olduqlarına dair inandırmağa çalışmışlar. Həmçinin bu yalanları sayəsində qardaşlarını yanlarına götürmüş və onu bir quyunun dərinliyinə atmışlar. Geri qayıtdıqları zaman isə, özlərini günahsız göstərmək üçün yenə yalanlara əl atamış etmiş və saxta hiylələr qurmuşlar:

Axşamüstü atalarının yanına ağlayan vəziyyətdə gəldilər. Dedilər: "ey atamız! Həqiqət budur ki, biz getdik, yarışırdıq. Yusifi də yeməklərimizin (və ya əşyamızın) yanında qoymuşduq. Lakin onu canavar yeyib. Onsuz da, biz doğrunu söyləsək də, sən bizə inanan deyilsən”. Həmçinin üstünə yalandan qan (yaxılmış) köynəyini gətirdilər. ""Xeyr" dedi. Nəfsiniz sizi yanıldaraq (belə) bir işə sövq edib. Bundan sonra (mənə düşən) gözəl səbir etməkdir. Sizin bu uydurduqlarınıza qarşı (Özündən) kömək istəniləcək olan Allahdır". (Yusif surəsi, 16-18)

Ayələrdə də görüldüyü kimi, hz. Yusif (ə.s)-ın qardaşları yalanlarını inandırıcı hala gətirə bilmək üçün ağlayırlar. Ağlamaq, emosional təzyiq göstərmək, özünü acındırmaq, saf görünmək, yalançıların ən nəzərəçarpan üsulları arasındadır. Bu yolla qarşı tərəfi daha asan inandıra biləcəklərini zənn edirlər. Həmçinin; "onsuz da, biz doğrunu söyləsək də, sən bizə inanan deyilsən" deyərək artistliklərini daha da gücləndirir, özlərini haqsızlığa uğramış kimi göstərməyə çalışırlar. Yalançıların tez-tez əl atdığı digər bir üsul da budur.

Yalançıların digər bir üsulu da yalanlarını dəstəkləyəcək saxta dəlillər meydana gətirmələridir. Hər yalan və böhtanda əsasən bir də saxta dəlil olar. Buna görə də, möminlər, imanlarından şübhə duyduqları şəxslərin göstərdiyi dəlilləri diqqətlə təhlil etməli, ilk görünüşə aldanaraq qərar verməməlidirlər. Necə ki, hz. Yaqub (ə.s) imanından qaynaqlanan ağlı, bəsirəti və fərasəti ilə oğullarını çox yaxşı tanıyır və onların gətirdikləri saxta dəlilə aldanmır. Ağlamalarına və özlərini təmizə çıxartmağa çalışan ifadələrinə baxmayaraq, onların etdikləri pisliyi də anlamışdır.

 

Quranda adı keçən böhtançılar
Yalançıların bir xüsusiyyəti də insanlara böhtan atmalarıdır.
Allah Quranda böhtançılar barədə belə bildirir:

Kim xəta edər və ya günah qazanarsa, sonra da onu təqsiri olmayanın boynuna atarsa, özü özünə böhtan atmış və açıq-aydın günaha batmış olar. (Nisa surəsi, 112)

Peyğəmbərimiz (s.ə.v) də, insanları ləkələmək üçün böhtan atanlar barədə belə buyurmuşdur:
"Haqsız yerə bir müsəlmanı ləkələmək üçün, əleyhində bir sözü yayan insanı, Allah bu sözündən ötrü qiyamət günü özünü cəhənnəmə atmaq surətiylə ləkələyər".
Quranda böhtançılar barədə bir çox nümunə verilir.

- Hz. Yusif (ə.s)-a böhtan atan qadın
Hz. Yusif (ə.s) kiçik yaşından etibarən Allaha qəlbən bağlı, Allahın sərhədlərini qoruyan təqva sahibi bir mömindir. Kiçik yaşda qardaşlarının özünə bir tələ qurmaları nəticəsində, atasından və ailəsindən ayrı düşmüş və Misirli mübarək insanın yanında böyümüşdür.
Hz. Yusif (ə.s), diqqət çəkəcək qədər gözəl bir insandır. Yanında qaldığı mübarək insanın həyat yoldaşı isə, hz. Yusif (ə.s)-a maraq göstərmiş və onunla qeyri-qanuni cinsi əlaqəyə girmək istəmişdir. Lakin Yusif peyğəmbər (ə.s) təqvası və Allah qorxusundan ötrü qadının bu istəyini rədd etmişdir. Sonunda qadının əri gəldikdə qadın hz. Yusif (ə.s)-a böhtan atmış və onun özündən murad almaq istədiyini söyləmişdir. Qadının bu böhtanı nəticəsində hz. Yusif (ə.s) zindana atılmışdır. Allah Quranda belə bildirir:

Evində qaldığı qadın ondan murad almaq istədi və qapıları möhkəm bağlayıb: “İstəyim sənin üçündür, gəlsənə!” dedi. O (Yusif) isə: “Allaha sığınıram! Çünki sənin ərin mənim ağamdır, mənə yaxşı baxmışdır. Həqiqət budur ki, zalımlar nicat tapmazlar!” dedi.  And olsun, qadın onu arzulamışdı, əgər Rəbbinin (zinanı qadağan edən) qəti dəlilini (bürhanını) görməsəydi, o da (Yusif də) onu arzulamışdı. Beləliklə Biz ondan çirkin əməli və fuhuşu geri çevirmək üçün (ona dəlil göndərdik). Çünki o, müxlis (sadiq) qullarımızdan idi.İkisi də qapıya tərəf qaçdılar. Qadın onun köynəyini arxadan yırtdı. (Tam) Qapının yanında qadının ağası (əri) qarşılaşdılar. Qadın dedi: "ailənə pislik etmək istəyənin cəzası, zindana salınmaqdan və ya ağrılı-acılı əzaba düçar edilməkdən başqa nə ola bilər?" (Yusif) dedi: "onun özü məndən murad almaq istədi". Qadının yaxınlarından olan bir şahid belə şahidlik etdi: "əgər onun köynəyi öndən yırtılıbsa, bu zaman qadın doğru deyir, o isə yalançılardandır.Yox əgər onun köynəyi arxadan yırtılıbsa, bu zaman isə qadın yalan deyir, o isə doğru danışanlardandır”. (Əri) Onun köynəyinin arxadan yırtıldığını gördükdə: "həqiqətən, bu sizin hiylələrinizdən (biri)dir. Həqiqətən də, sizin hiyləniz böyükdür" dedi. (Yusif surəsi, 23-28)

Qadının böhtançı olduğu həyat yoldaşı və ətrafındakılar tərəfindən bilinməsinə baxmayaraq, hz. Yusif (ə.s) zindana atılmışdır. Böhtan atan qadın, böhtan atdığını şəhərdəki qadınlara açıq-aydın bildirmişdir. Onlar da bu böhtana ortaq olmuş və hz. Yusif (ə.s)-ı qorumamışlar. Allah bu vəziyyəti ayələrdə belə bildirir:

Şəhərdə (bəzi) qadınlar: "Mübarək (Vəzir)in arvadı öz köləsindən murad almaq istəyirmiş. Belə ki, sevgi onun köksünə sinib. Doğrusu biz onu açıq-aydın azğınlıq içində görürük" dedi.
(Qadın) Onların hiylələrini eşitdikdə, onlara (bir dəvətçi) göndərdi, oturub dayanacaqları yerlər hazırladı və hər birinin əlinə (önlərindəki meyvələri soymaları üçün) bir bıçaq verdi. (Yusifə də:) "Çıx, onlara (görün)" dedi. Beləliklə də, onlar onu (fövqəladə gözəllikdə) gördükdə (fövqəlbəşər varlıqmış kimi gözlərində) böyütdülər, (heyrətləndiklərindən) əllərini kəsib: "Allahı tənzih edirik; bu bir bəşər deyil. Bu ancaq üstün bir mələkdir" dedilər. 
Qadın dedi: “Barəsində məni qınadığınız məhz budur! And olsun, mən ondan murad almaq istədim o isə (özünü) qorudu. Yenə and olsun, əgər əmrimi yerinə yetirməsə, mütləq zindana atılacaq və zəlillərdən olacaq. (Yusif surəsi, 30-32)

Cahil cəmiyyətlərdə insanlar böhtanlara, yalan və dedi-qodulara, yalan olduğunu bildikləri halda, mənfəətlərinə xələl gətirməmək üçün səs çıxartmazlar. "Mənə toxunmayan ilan min yaşasın" şəklində çirkin məntiqlə hərəkət edib, ədalətin tərəfində dayanmazlar. Yuxarıdakı ayələrdə də qeyd edilən hadisə, bunun aydın bir nümunəsidir.
Lakin bu heç unudulmamalıdır ki, Allah həmişə dürüstlərə kömək edər. Hz. Yusif (ə.s) özünə atılan böhtan nəticəsində zindana atılmışdır, lakin sonradan, onun dürüstlüyü aydın olmuş və hz. Yusif (ə.s) Misirdə rəhbər olaraq Allahın nemətinə nail olmuşdur.

- Hz. Yusif (ə.s)-a qardaşlarının atdığı böhtan
Hz. Yusif (ə.s)-a atılan digər bir böhtan isə qardaşlarından gəlmişdir. Qardaşları illər sonra hz. Yusif (ə.s) ilə qarşılaşdıqları zaman, onu tanımamış və arxasınca onun oğru olduğu yalanını söyləmişlər. Bu yalandır və qardaşları ona bəslədikləri kindən ötrü, onu öldü zənn etdikləri bir dövrdə belə ona böhtan ataraq kinlərini ortaya çıxartmışlar. Allah bu hadisəni Quranda belə bildirir:

Onlar dedilər: “Əgər o oğurlayıbsa, daha öncə onun qardaşı da oğurluq etmişdi”. Yusif bunu öz içində gizlədib onlara açıb söyləmədi və öz-özünə: “Siz daha pis mövqedəsiniz. Allah sizin uydurduqlarınızı daha yaxşı bilir” dedi. (Yusif surəsi, 77)

- Mömin qadınlara atılan böhtan
Quranda mömin qadınlara atılan böhtanlara da diqqət çəkilir və möminlərin belə bir böhtanla qarşılaşdıqları zaman, necə bir rəftar göstərməli olduqları bildirilir. Bu mövzuyla əlaqədar ayələr belədir:

Doğrusu, uydurulmuş bir yalanla gələnlər, sizin aranızdan olan bir dəstədir; siz onu özünüz üçün şər hesab etməyin, əksinə o sizin üçün xeyirdir. Onlardan hər bir şəxsin qazandığı günahın (cəzası) var. Onlardan (böhtanın) böyüyünü öz üstünə götürənə isə böyük əzab var. (Nur surəsi, 11)

Namus sahibi, bir şeydən xəbərsiz, mömin qadınlara (zina böhtanı) atanlar, dünyada və axirətdə lənətləniblər. Həmçinin onlar üçün böyük əzab var. O gün, dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcək. O gün Allah onlara layiq olduqları cəzanı tam verəcək və onlar da Allahın, şübhəsiz, Haqq olduğunu biləcəklər. (Nur surəsi, 23-25)

Allah möminlərə böhtan bir sözlə qarşılaşdıqları zaman, bu sözə ortaq olmamalarını və bu sözün böhtan olduğunu söyləmələrini bildirir. İnsanların böyük hissəsi dedi-qodudan, yalan olduğunu bilə-bilə sensasiya yaradacaq xəbərləri dinləmək və nəql etməkdən şeytani zövq alarlar. Allah bu insanlar barədə belə bildirir:

Onlar yalana qulaq asanlar və haram yeyənlərdir. Əgər onlar sənin yanına gəlsələr, aralarında hökm ver və ya onlardan üz döndər. Əgər onlardan üz döndərsən, sənə heç bir şeylə qətiyyən zərər verə bilməzlər. Əgər onların arasında hökm verməli olsan, ədalətlə hökm ver. Şübhəsiz ki, Allah ədalətlə hökm verənləri sevər. (Maidə surəsi, 42)

Allah, Özündən qorxub çəkinən ağıl sahibi möminlərin rəftarını isə Quranda belə bildirmişdir:

Məgər onu eşitdikləri zaman, mömin kişilər və mömin qadınlar öz nəfsləri haqda yaxşı fikirdə olub: "bu, açıq-aydın bir böhtandır!" deməli deyildilər?
Ona qarşı dörd şahid gətirməli deyildilər? Şahidləri gətirmədiklərinə görə, artıq onlar Allah yanında əsil yalançıdırlar. 
Əgər Allahın dünyada və axirətdə sizə lütfü və mərhəməti olmasaydı, içinə daldığınız dedi-qoduya görə sizə böyük əzab toxunardı. 
O vəziyyətdə, siz onu (böhtanı) dillərinizlə ötürdünüz və haqqında məlumatınız olmayan şeyi ağızlarınızla söylədiniz və bunu asan hesab etdiniz; halbuki bu Allah dərgahında çox böyük (günah)dır.
Bunu eşitdiyiniz zaman: "Bu mövzuda söz söyləmək bizə yaraşmaz. (Allahım) Sən ucasan! Bu, böyük böhtandır!" deməli deyildiniz? (Nur surəsi, 12-16)

Allah həmçinin möminlərə imanından şübhə duyduqları bir insandan və ya imansız birindən bir xəbər gəldikdə onu ətraflı şəkildə araşdırmalarını əmr edir. Əks təqdirdə yalan bir xəbər və ya böhtan nəticəsində günahsız bir insana zərər toxuna bilər. Allahın rəhməti sayəsində belə bir risk aradan qaldırılmışdır.

Ey iman gətirənlər! Əgər bir fasiq sizə bir xəbər gətirsə, onu “ətraflı şəkildə araşdırın”. Yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiklərinizə peşman olarsınız. (Hucurat surəsi, 6)

 

Halal və haramlar uyduranlar
Allaha qarşı deyilən yalanların ən böyüklərindən biri insanların halallar və haramlar uydurmalarıdır. Allah bir ayədə belə bildirir:

Dilinizin uydurduğu yalana əsasən: “Bu halaldır, o haramdır!” deməyin, çünki Allaha qarşı yalan uydurmuş olursunuz. Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar. (Nəhl surəsi, 116)

Bəzi insanlar dini olduğundan daha çətin göstərmək və ya özlərini daha təqvalı göstərmək üçün halal olan şeyləri özləri və ətrafları üçün haram edərlər. Halbuki Allah halal və haram etdiyi şeylərin hamısını Quranda və Peyğəmbərimiz (s.ə.v)-in hədislərində bildirmişdir.
Bəzi insanlar da, insanları azdırmaq üçün haramları müxtəlif uydurma səbəblərlə halal kimi göstərərlər. Bu insanlar böyük məsuliyyət yüklənərək, axirətdə hesabını verə bilməyərək cəzalandırılacaqları bir şeyə cəhd edirlər. Allah Quranda bu insanlar üçün belə buyurur:

De: "Allahın sizin üçün endirdiyi sizin bir hissəsini haram və halal etdiyiniz ruzidən xəbər vardırmı? Deyin görək?" De: "Allah Özü sizə icazə verdi, yoxsa Allaha iftira atırsınız?" (Yunis surəsi, 59)

Halbuki haram və halalın mənbəyi Qurani Kərim və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsidir.

 

Allaha qarşı yalan uyduranlar
Bəzi insanlar din adı altında bir çox yalanlar uydurarlar. Yuxarıda da qeyd edildiyi kimi halalları haram, haramları halal edər və ya dində olmayan şeyləri varmış kimi göstərərlər. Dində olanları da dində yoxmuş kimi göstərərlər. Allah bu insanları Quranda cəhənnəm əzabı ilə belə təhdid etmişdir.

Allaha qarşı yalan uyduran və özünə gəldikdə həqiqəti (Quranı) yalan sayan kimsədən daha zalım kim ola bilər? Məgər cəhənnəmdə kafirlər üçün yer yoxdur? (Zumər surəsi, 32)

Sən Qiyamət günü Allaha qarşı yalan uyduranların üzlərini qapqara görəcəksən. Məgər cəhənnəmdə təkəbbürlülər üçün yer yoxdur? (Zumər surəsi, 60)

Allaha qarşı yalan uydurub iftira atandan daha zalım kim ola bilər? Onlar Rəbbinin hüzuruna gətiriləcək və şahidlər: “Bunlar Rəbbinə qarşı yalan uyduranlardır” deyəcəklər. Xəbəriniz olsun; Allahın lənəti zalımların üzərinədir! O kəslərin ki, insanları Allah yolundan sapdırır, onda nöqsan axtarır və Axirəti inkar edirlər. Onlar yer üzündə (Allahı) aciz qoya bilməz və bunların Allahdan başqa vəliləri yoxdur. Onların əzabı qat-qat artırılar. Çünki onlar haqqı eşidə bilmirdilər və görmürdülər. (Hud surəsi, 18-20)

Allahın, dində olmayan şeyləri uyduranların söylədiklərinə dair Quranda verdiyi nümunələrdən bəziləri belədir:

Sizdən zövcələrini anaya bənzədərək özlərinə haram edənlər bilsinlər ki, zövcələri onların anaları deyillər. Anaları ancaq onları doğmuş qadınlardır. Şübhəsiz ki, onlar çirkin və yalan söz söyləyirlər. Həqiqətən, Allah çox əfv edəndir, çox bağışlayandır. (Mücadilə surəsi, 2)

"Bəzi uydurma yalanlar üçünmü Allahdan başqa ilahlar istəyirsiniz?" (Saffat surəsi, 86)

Diqqət yetirin; həqiqətən onlar, uydurduqları yalanlardan ptrü deyirlər ki; "Allah doğdu". Onlar, şübhəsiz ki, mütləq yalan danışanlardır. (Saffat surəsi, 151-152)

(Bu Quran) “Allah Özünə övlad götürmüşdür!” deyənləri xəbərdar edib qorxudur. Bu haqda nə onların, nə də atalarının hər hansı biliyi var. Ağızlarından çıxan söz nə (qədər) böyükdür. Onlar yalandan başqa şey danışmırlar. (Kəhf surəsi, 4-5)

Kitab əhlindən eləsi var ki, ona bir qantar mal əmanət etsən, onu sənə tam qaytarar. Onlardan eləsi də var ki, ona bir dinar versən belə, başının üstündə durub tələb etmədikcə onu sənə qaytarmaz. Bu, ona görədir ki, onlar: “ümmilər (aciz və cahillər və ya Kitab əhlindən olmayanlardan) ötrü üzərinizdə məsuliyyət yoxdur” deyir və həqiqəti bildikləri halda Allaha qarşı yalan söyləyirlər. (Ali İmran surəsi, 75)

Onlardan elə bir dəstə də vardır ki, oxuduqlarını Kitabdan hesab edəsiniz deyə Kitabı oxuyarkən dillərini əyib bükürlər. Halbuki bu, Kitabdan deyildir. Onlar: “Bu, Allah tərəfindəndir!” deyirlər. Halbuki o, Allah tərəfindən deyildir. Onlar bilə-bilə Allaha qarşı yalan danışırlar. (Ali İmran surəsi, 78)

Bəzi insanlar isə dini qəbul etməmək və Allahın yoluna tabe olmamaq üçün yalanlar uydururlar. Bu insanlar üçün Allah belə buyurur:

İslama dəvət edildiyi halda, Allaha qarşı yalan uyduranlardan daha zalım kim ola bilər? Allah zalım bir qövmü doğru yola yönəltməz. (Saff surəsi, 7)

Bəziləri də Allah barəsində yalanlar söyləyər və Allahı insanlara fərqli tanıtmağa çalışarlar. Bu məsələdə diqqət yetirilməli xüsus budur: bu insanlardan bəziləri Allaha iman gətirdiklərini söyləyə bilirlər, lakin rəftar və inancları, eləcə də, həyat tərzləri ilə Allaha iman gətirmədikləri aydın olar. Məsələn, çətin bir vəziyyətdə dərhal Allahın köməyindən ümid kəsərlər. Yaxud başlarına bir hadisə gəldikdə, dərhal ədalətsizliklə qarşılaşdıqlarını zənn edər, üsyankar olarlar. Halbuki Allahı lazımınca tanıyan bir insan Allah barəsində heç vaxt yanlış düşüncəyə qapılmaz. Allah Özü barədə yalan uyduranlar üçün ayələrdə belə bildirmişdir:

De: "Allah barəsində yalan uyduran iftira yaxanlar nicat tapmazlar". (Yunis surəsi, 69)

Allaha qarşı necə yalan uydurduqlarına bir bax. Bu, açıq-aydın günah olaraq kifayət edər. (Nisa surəsi, 50)