Dürüst olanlar həmişə qazanar

İnsanların bir çoxu özünə görə kiçik yalanlar söylədiyini düşündüyü üçün "yalançı" sifətini özünə yaraşdırmaz. Bu, nəyin yalan olduğunu düşünməmələrindən qaynaqlana bilər. Lakin hər nə olsa da, insanın bəzən "bundan nə olacaq" deyərək görməzlikdən gəldiyi və bəzən də özünə görə əsaslı bəhanələr tapdığı yalanlar, ətrafı tərəfindən normal qarşılansa da, həmin insanın sonsuza qədər davam edəcək axirət həyatını böyük təhlükə altına sala bilər.
Dünya həyatında, yalan danışan, hiyləgərlik və ikiüzlülük edən insan, ilk baxışda bəzi qazanclar əldə edir, mənfəətlər təmin edir kimi görünə bilər. Lakin bu vəziyyət aldadıcıdır. Yalançı, nəticə etibarilə həmişə itirər. Dünyada həqiqi dostluğu, sevgini, etimadı, səmimiyyəti, yaxınlığı, hüzur və rahatlığı yaşaya bilməz; axirətdə isə çox şiddətli əzabla qarşılıq ala bilər. Allah yalançıların vəziyyətini belə bildirmişdir:

Məhv olsun, o “zənn və təxminlə yalan danışanlar”, belə ki, onlar, “cahilliyin əhatəsində” olan qafillərdir. (Zəriyət surəsi, 10-11)

Dürüst insan isə bəzən bir sıra çətinlikləri gözə almaq məcburiyyətində qala bilər. Lakin dürüst və səmimi olduğu üçün həmişə qazanar. Allah onun gözəl əxlaqı müqabilində, dünyada və axirətdə ona, nemətini, rəhmətini, sevgisini, rizasını bəxş edər və onu cənnətlə mükafatlandırar. Allah dürüst insanların və səmimi möminlərin qarşılaşacağı gözəl nəticəni Quranda belə bildirmişdir:

Allah dedi: “Bu, dürüstlərə, doğru danışmalarının fayda verəcəyi gündür! Onlar üçün altından çaylar axan və içində əbədi qalacaqları cənnətlər var”. Allah onlardan razı oldu, onlar da Ondan razı oldular. Məhz, böyük “qurtuluş və xoşbəxtlik” budur. (Maidə surəsi, 119)

Peyğəmbərimiz (s.ə.v.) də insanların dürüstlükdən imtina etməmələrini, yalandan çəkinməli olduqlarını bu hikmətli sözləri ilə insanlara tövsiyə edir:

"Siz dürüstlüyə davam edin, çünki dürüstlük mütləq sahibini xeyirlərə nail edər. Yaxşılıqlar da cənnətə hidayət edər, aparar. Dürüstlüyə davam etdikcə və doğrunu axtardıqca Allahın yanında dürüstlük kimi yazılar. Yalandan çəkinin, yalan insanı mütləq günaha aparar, günah isə oda, yəni cəhənnəmə aparar, qul yalana davam etdikcə və yalanı axtardıqca İlahinin yanında yalançı yazılar".